Rusiyanın tabeliyində olan Kabardin-Balkar Respublikasının prokurorluğu azərbaycanlı məhbusun saxta soyadla cəza çəkməsini araşdırır.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Yoxlama zamanı məlum olub ki, 2014-cü ilin aprel ayında Moskva şəhər Preobrajensk rayon məhkəməsi tərəfindən oğurluğa görə 3,5 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı istintaq zamanı polisə saxta sənədin surətini verib.
Azərbaycanlı məhbusun sözlərinə görə, o müstəntiqə verdiyi Kabardin-Balkar sakininin şəxsiyyət vəsiqəsinin Moskvada təsadüfən tapıb. Daha sonra ona öz şəklini yapışdırıb və surətini çıxarıb. Pasportun əslini isə satıb.
Bundan sonra o, hər yerdə saxta sənədi təqdim edib. Onun törətdiyi cinayətlə bağlı araşdırma aparılan zaman istintaq aparan müstəntiqə də şəxsiyyətini təsdiq edən sənəd kimi saxta pasportunu göstərib.
Prokurorluqdan bildiriblər ki, məhkumun şəxsi işində onun əsl şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb.