Bakıda törədilən sifarişli qətlin təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qətlin sifarişçisi Rüstəm Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Onun Zabrat-Maştağa yolunun üstündə böyük ticarət obyekti var və o, əsasən meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşğul olurmuş.
Həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R. Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış.
Ərinin ondan boşanmasında israrlı olduğunu görən S. Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib.
R. Rzayev isə S. Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.
Öz növbəsində DİN-nin hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, Rzayevanı 2000 min manat qarşılığında qətlə yetirməkdə şübhəli bilinən Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov qadının başını kəsiblər.
Belə ki, aşkar olunmuş meyitin baş nahiyəsində kəsilmiş xəsarətlər olub.
10:17
Bakıda sifarişli qətl törədilib.
Oxu.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Sevil Rzayeva yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşının sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib.
Araşdırmalar zamanı məlum olub ki, S. Rzayevanın əri Rüstəm Rzayev Elşad Həsənov və onun qohumu Kərim Həsənova arvadını qətlə yetirmək üçün 2 min manat verib.
Həyata keçirilən tədbirlər nəticəsində R. Rzayev, E. Həsənov və K. Həsənov tutularaq istintaqa təhvil veriliblər.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
E.Ə.
www.oxu.az