Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda FETÖ-yə görə həbs edilən şəxsin məhkəməsi başlayıb
Azərbaycanda FETÖ-yə görə saxlanılan təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmənin baxış iclası fevralın 28-nə təyin edilib.
Qeyd edək ki, G.Əbdürəhmanov, D.Cəfərov, R.Əliyev və İ.Həşimlinin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
Adıçəkilən şəxslər ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıblar və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb və hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəylər