Şirvan apellyasiya məhkəməsi noyabrın 25-də Astara rayon sakini, AccessBank-ın keçmiş işçisi Mikayıl Talıbovun şikayətini təmin edib və ona qarşı ittiham hökmü ləğv olunub.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzov Astara rayon məhkəməsinin işə kobud prosessual pozuntularla baxdığını, Talıbovun ədalətli məhkəmə hüququnu pozduğunu etiraf edib. İş təkrar baxılmaq üçün Astara məhkəməsinə göndərilib.
Bu iş onunla yaddaqalandır ki, Talıbov mayın 14-də parlamentin qanunvericiliyə qəbul etdiyi və İnternetdə böhtana, təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan düzəlişlərin ilk qurbanı olub. Bu hadisə o vaxtlar “Facebook işi” adını almışdı.
Mikayıl Talıbov bu ilin iyulunda diffamasiya ittihamı üzrə 1 il islah işləri və əmək haqqından 20% tutulma cəzasına məhkum edilmişdi. Buna onun işlədiyi “AccessBank”ı tənqid etməsi səbəb olub. İşdən çıxarılmasının qeyri-qanuni olduğunu hesab edən Mikayıl Facebook-da “Accessbank-Haqsızbank” adlı səhifə yaratmışdı (Turan).