Oğuz rayonunda bir qardaşın digərini bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinov tərəfindən bıçaqlanaraq öldürülən 1976-cı il təvəllüdlü Aqil Şirinov “Azərişığ”ın rayon şöbəsinin əməkdaşı olub.
Onların atası Qurban Şirinov da uzun müddət rayonda işıq idarəsinə rəhbərlik edib və Oğuzda tanınmış şəxslərdən olub.
Bildirilib ki, hadisəni törədən Namiq Şirinovun psixoloji problemləri olub və aprelin 2-də axşam saatlarında keçirilən ad günü məclisində onların arasında baş vermiş mübahisə qətllə nəticələnib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayət işi üzrə istintaq davam edir.
13:40
Oğuzda qardaşını qətlə yetirən şəxsə cinayət işi başlanılıb.
Bu barədə Oğuz Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.