Knyajpoqotsk rayonunun Sindor qəsəbəsində Rusiya DİN İdarəsinin Sıktıkvar şəhəri üzrə cinayət axtarış şöbəsinin əməkdaşları Komi Respublikasının DİN çevik reaksiya xüsusi dəstənin əməkdaşlarının dəstəyi ilə iki qarətdə şübhəli bilinən şəxsi saxlayıblar. Qarətlər respublikanın paytaxtında cari ilin iyun ayının 23-də baş verib.
Oxu.Az xəbər verir ki, saxlanılan şəxsə - 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşına qarşı Sıktıkvar şəhər məhkəməsi tərəfindən həbs qətimkan tədbiri tətbiq edilib.
Məlumdur ki, daha öncə vətəndaş analoji cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib.
Xatırladaq ki, zərgərlik salonlarının qarəti 15 dəqiqə zaman aralığı ilə baş verib.
Birinci məlumat polis növbətçisinə saat 17:30-da (İnternasionalnı küçəsində yerləşən salon qarət edilib), ikinci məlumat isə 17:45-də (Karl Marks küçəsindəki salon qarət edilib) daxil olub.
İlkin olaraq, cinayətkar alıcı qismində satıcıdan zinət əşyalarını göstərməsini xahiş edib, sonra isə açıq şəkildə oğurluq edib. Mağazadan çıxan cinayətkar geyimini dəyişərək növbəti zərgərlik dükanına yollanıb, orada isə ikinci cinayəti törədib. Mağazalara dəyən ziyanın ümumi məbləği 500 min rubldur.
Fakt üzrə Rusiya Federasiyası CM-nin 161-ci maddəsi üzrə cinayət işi açılıb. Şübhəli bilinən şəxsin yaşayış yerində Uxta ş-də, eləcə də vətəndaşın hal-hazırda Knyajpoqotsk rayonunun Sindor qəsəbəsində kirayə qaldığı evdə axtarış tədbirləri həyata keçirilib. Oğurlanan əşyalar aşkar edilməyib.
Cinayət işinin istintaqı davam edir.