Bu il Bakıda 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, 2015-ci ilin 9 ayı ərzində Bakı şəhərində Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8.706 (8.752) cinayət qeydə alınıb ki, onların da 81,6%-i (7.104-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 18,4%-i isə (1.602-i) ağır və xüsusilə ağır növlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 9,5%; qəsdən sağlamlığa ağır zərər vurmalar 9,7%; adam oğurluğu faktları isə 2 dəfə azalıb.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1911 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 202 bağlı cinayət açılıb.
Narkotiklərlə bağlı aşkar edilmiş 1074 (1112) fakt üzrə qanunsuz dövriyyədən 227 kq 156 qram (205 kq 568 qr) narkotik vasitə çıxarılıb.
Paytaxt ərazisində baş vermiş 497 (ötən il 579) yol-nəqliyyat hadisəsində 168 (ötən il 208) nəfər həlak olub, 645 (ötən il 667) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müşavirədə Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi ciddi nəzarətdə saxlanılıb, bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən bütün aksiyaların qarşısı alınıb.
Əməliyyat müşavirəsinə yekun vuran M. Seyidov 2015-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib.
Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.
E.Ə.
www.oxu.az