Ötən gün saat 17:00 radələrində Bakının Binəqədi rayonu ərazisində orta məktəbli bıçaqlanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsindən verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində orta məktəbin yaxınlığında baş verib.
Belə ki, orta məktəbin 9-cu sinif şagirdi, 1998-ci il təvəllüdlü Uğur Qasım oğlu Tanrıverdiyev kürək nahiyəsindən bıçaq zərbəsi alıb. Dərhal onu xəstəxanaya yerləşdiriblər. Araşdırmalar zamanı Uğuru həmin məktəbin keçmiş şagirdi Rahib adlı şəxsin bıçaqladığı məlum olub. Rahib nadinc olduğu üçün həmin məktəbdən kənarlaşdırılıb.
Uğur Tanrıverdiyev polisə verdiyi izahatda Rahibin onu nə səbəbdən bıçaqladığını bilmədiyini deyib.
“Məktəbdən çıxıb gedirdim. Birdən arxadan istilik hiss etdim. Ayağım sözümə baxmadı və yıxıldım”.
Hazırda onu bıçaqlayan Rahib 40-cı polis bölməsinə dəvət olunub. Faktla bağlı araşdırma aparılır.