Bakıda həyat yoldaşını öldürməkdə və arvadını qısqandığı taksi sürücüsünü qətlə yetirməyə cəhddə təqsirləndirilən Əfqanıstan Respublikası vətəndaşı Samandar Səfayinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən əcnəbinin sərbəst ifadəsi dinlənilib.
Samandar Səfayi Əfqanıstan vətəndaşı olduğunu və Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə könüllü olaraq iştirak etdiyini deyib.
Müharibədən sonra o, Azərbaycanda yaşayaraq Nüşabə adlı xanımla ailə həyatı qurub və bu evlilikdən iki övladı dünyaya gəlib.
"Biz 2013-cü ilin avqustunda rəsmi nigaha daxil olmuşuq. Sevib evlənmişdik, maddi durumum da yaxşı idi. Bir gün işdən gələndə yoldaşımın evdə olmadığını gördüm. Zəng edib harada olduğunu soruşdum, mağazada olduğunu dedi. Durub ora getdim, gördüm ki, yoxdur. Bir də zəng elədim, dedi ki, oradan çıxıb ayrı mağazaya getmişəm. Evə qayıdandan sonra təkrar bütün günü harada olduğunu soruşdum, söylədi ki, geyim mağazasında olub. Durub getdim o mağazaya. Satıcıya mənə kameranı göstərməsini xahiş etdim. O, kamera görüntülərini göstərə bilməyəcəyini dedi. Evə qayıtdıq, çox əsəbi idim, təkrar soruşanda etiraf elədi ki, taksi sürücüsü Canmirzə Cabbarovla birlikdə olub, onunla gedib".
Təqsirləndirilən bildirib ki, bunu eşitdikdən sonra həyat yoldaşını evində mübahisə zamanı qətlə yetirib, ardınca taksi sürücüsü Canmirzə Cabbarovu da taparaq ona ülgüclə ağır xəsarət yetirib.
Növbəti proses dekabrın 23 -nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 9-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Qəsəbə sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
Elgün Həsənli