Bakının Nərimanov rayonunda kişi öz oğlunu oğurlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Nərimanov rayon 17-ci polis bölməsindən bildiriblər.
Polis bölməsinə Daş karxanası küçəsində yaşayan 1984-cü il təvəllüdlü Samirə Nəsirova müraciət edib və bildirib ki, iyulun 27-də vətəndaş nikahında yaşadığı əri – 1979-cu il təvəllüdlü Sabirabad rayon sakini İlqar Əliyev onun oğlu, 2007-ci il Ümid Əliyevi oğurlayıb.
17-ci polis bölməsindən bildiriblər ki, İlqar Əliyev uşağın bioloji atasıdır. Lakin ananın narahatlığı əbəs deyil, çünki uşaq ananın himayəsindədir.
Hələlik İlqar və Ümid Əliyevlərin olduğu yer məlum deyil. Kişi öz yeri barədə məlumat verməyib, mobil telefonunu söndürüb. Cinayət axtarışı şöbəsinin əməliyyatçıları ata və oğulun yerini axtarırlar. Oğurlanma hadisənin təfərrüatları araşdırılır.