Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mersedes” markalı avtomobillə qəza törədib.
O, BMV markalı avtomobildə xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Samir Dənziyevi vurub, hadisə yerini tərk edib.
Görülmüş tədbirlərlə A. Babayev saxlanılıb, S.Dənziyev isə xəstəxanaya yerləşdirilib.
10:10
Bakıda yol polisi əməkdaşı xidmət apararkən faciə ilə üzləşib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, 99 YP 455 nömrəli avtomobildə xidmət aparan Samir Dənziyev adlı yol polisi polisdən qaçan “Mercedes” markalı avtomobil tərəfindən vurulub.
Ağır yaralanan yol polisi təcili olaraq Musa Nağıyev adına Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.
Məlum olub ki, polisi vuran sürücü 99 YP 446 nömrəli avtomobildə xidmət aparan polislərin “saxla” əmrinə tabe olmayıb. Buna görə də polislər onu Heydər Əliyev prospekti ilə təqib etməyə başlayıb.
Köməyə gələn 99 YP 455 nömrəli yol polisi avtomobili Bakıxanov qəsəbəsi (“Akkord”un binalarının yaxınlığı) ərazisində tabesizlik göstərən və avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlamaq istəyib. Bunun üçün S.Dənziyev avtomobildən düşərək sürətlə hərəkət edən “Mercedes”in qarşısına keçib və bu zaman hadisə baş verib.
Təqib olunan sürücü saxlanılandan sonra məlum olub ki, o da polis əməkdaşıdır və ölkədə fəaliyyət göstərən diplomatik korpusların birində xidmət aparır.
E.Ə.
www.oxu.az