Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov ötən gecə “Avropa” otelində bıçaqlanan Ruslan Əfəndiyevlə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, A.Əsgərov Apasport.az saytına açıqlamasında adı Azərbaycan millisinin baş məşqçisi kimi hallanan mütəxəssisin federasiya ilə rəsmi bağlılığının olmadığını bildirib.
Onun sözlərinə görə, R.Əfəndiyev 2014-cü ilin yanvar-fevral aylarında Pankration, Qrapplinq və MMA Federasiyasında baş məşqçi kimi çalışıb. Lakin sonradan onunla müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
A.Əsgərov bildirib ki, hazırda federasiyada 3 baş məşqçi var və Gənclər və İdman Nazirliyi də bu çalışdırıcıları təsdiqləyib: “Federasiyamızda üç - yeniyetmələr, gənclər və böyüklər üzrə milli komandalar var. Bunlara isə ayrı-ayrılıqda Dülgər Əsgərov, Faiq Rzayev və Vilayət Quliyev rəhbərlik edirlər. Əfəndiyevi bir məşqçi, bir yoldaş kimi tanıyıram. Lakin onun bizə hansısa rəsmi sənədlə belə bağlılığı yoxdur. Sadəcə, dekabrdan ona və yetirmələrinə bayrağımız altında keçirilən yarışlara qatılmaq üçün icazə vermişik”.
Federasiya prezidenti R. Əfəndiyev kimi yüzlərlə mütəxəssisin fərdi qaydada hazırlıq qrupu toplamasının adi hal olduğunu qeyd edib: “Onu müəllim kimi də tanıyırıq. Lakin yüzlərlə məşqçi fərdi məşqlər keçir. Komandamızın baş məşqçisi olsaydı, “Avropa” hotelində niyə məşq keçirdi?”
Qeyd edək ki, ötən gecə Bakıda Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində bıçaqlaşma hadisəsi baş verib. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir, 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev isə döş qəfəsinin ön səthinin sol tərəfindən iki bıçaq xəsarəti alıb. Azər Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, Ruslan Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.
Qətlə yetirilən şəxsin “Zaminbank”ın Nəsimi rayon filialının müdiri Azər Məmmədzadə, xəsarət alanın isə MMA (qarışıq döyüş növləri) üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev olduğu barədə məlumatlar yayılıb.
18.10
Bakıda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” otelində qeydə alınıb.
Otelin nəzdində yerləşən idman zalında naməlum şəxs münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A.Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.
Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.
09.41
Ötən gün axşam saat 21.00 radələrində Bakıda qətl törədilib.
Oxu.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən “Avropa” otelində qeydə alınıb.
Məlumata görə, biri Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev olmaqla, 2 nəfər bıçaqlanıb.
İlkin məlumata görə, otelin idman zalında qarışıq döyüş növləri üzrə Azərbaycan yığmasının məşqçisi Ruslan Əfəndiyev və banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edirmiş. Bu zaman onlar və hələlik kimliyi məlum olmayan şəxs arasında mübahisə yaranıb.
Mübahisə zamanı həmin şəxs bıçaqla Azərə ürək nahiyəsindən, Ruslan Əfəndiyevə isə, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.
Məlumata görə, Azər adlı şəxs aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə, özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisə yerindən qaçan naməlum şəxsin tutulması istiqamətində Nəsimi Rayon Polis İdarəsi və 20-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Faktla əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb.
E.Ə.
www.oxu.az