Bakının Səbail rayonunda yerləşən gecə klublarının birində bıçaqlanma faktı qeydə alınıb. Müştəri gecə klubunun sahibini bıçaqlayıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, hadisə nəticəsində paytaxt sakini Meybulla Bəşir oğlu Meybullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona xəsarət yetirən şəxs isə ərazidən yayınıb.
Lakin Meybullayevi xəstəxanalıq edənin kim olduğuna aydınlıq gətirilib. Bu Ceyhun Həsənovdur.
Əməliyyat-axtarış tədbirlərini Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları həyata keçirib. Bölmənin rəis müavini Anar Məmmədovun sözlərinə görə, Ceyhun Həsənov artıq istintaq orqanlarına təhvil verilib və ifadəsi də alınıb. Münaqişə gecə klubunda həddən artıq yüksək olan hesab üstündə yaranıb.
Həsənov bu yolla özünü ona aid olmayan hesabdan sığortalamağa çalışıb. Əslində o, klubda hər hansı sifariş eləmədiyini də deyir. Ancaq hesabın nə qədər böyük olduğunu isə Ceyhun durub getmək istəyərkən öyrənib.
Tərəflər edilməyən sifarişə görə bir neçə dəfə əlbəyaxa da olub. Elə Ceyhun Həsənov da hesabı ödəməməkdə israr edib. Ancaq mübahisə uzun çəkməyib. Ola bilsin onun idman cüssəli olmasından ehtiyat ediblər. Klubun işçiləri Həsənovdan əl çəksələr də, bu dəfə onun qəzəbi soyumayıb.
Faktla bağlı cinayət işi başlanılıb, təfərrüatları araşdırılır.