Bu gecə Bakının Səbail rayonunda törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.
Qeyd edək ki, gecə saatlarında 33 yaşlı Türkan Elçin qızı Hüseynova və onun qardaşı 24 yaşlı Elvin Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynli xəstəxanaya çatdırılarkən yolda keçinib.
Türkan Hüseynova isə, xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra evə buraxılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni Türkan Hüseynovanın tanışı Rasim adlı şəxs törədib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, dünyasını dəyişmiş Elvinin ailəsi Şəkidəndir və bu gün o, artıq doğulduğu rayona aparılaraq, dəfn edilib.
Hadisəni törətmiş Rasim adlı şəxs isə heç də deyildiyi kimi Türkan Hüseynovanın nişanlısı deyil.
Belə ki, vaxtilə 33 yaşlı Türkan Rasim adlı şəxslə tanış olub, ünsiyyət saxlayıb. Ailəli olan Rasim Türkana subay olduğunu deyərək, onu aldadıb, onunla evlənmək istədiyini söyləyib.
Lakin Rasimin ailəli olduğunu öyrənən Türkan ondan ayrılmaq qərarına gəlib və bunu oğlana bildirib.
Bununla belə, Rasim Türkandan əl çəkməyib, qızı təqib etməyə başlayıb.
Mənbənin sözlərinə görə, ailə Rasimin hərəkətləri ilə bağlı polisə müraciət edib, polis oğlandan izahat alaraq, onu buraxıb.
Bir müddət Türkandan əl çəkən Rasim qısa bir vaxtdan sonra yenidən onu narahat etməyə başlayıb.
Bu dəfə ailə ikinci dəfə polisə üz tutub və hər şey bundan sonra baş verib. Polisdən evə qayıdan Türkan və anası yolda işdən qayıdan Elvinlə rastlaşıblar və birlikdə evlərinə daxil olublar. Əvvəlcədən evə daxil olan Rasim görünməmək üçün otağın işığını da partladıbmış.
O, çarpayının altında gizlənib. Elvin otağa daxil olub paltarını dəyişəndə, Rasim arxadan ona hücum edib. Münaqişə zamanı santexnik çalışan Rasim Elvinə özü ilə gətirdiyi kəsici-deşici alətlə zərbə vurub.
Hadisə yerindən qaçan qatil öldürdüyü şəxsin gödəkçəsini də özü ilə götürüb.
Hazırda polis cinayəti törətmiş şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.