Bərdə şəhərində qeyri-rəsmi nikahda yaşadığı 36 yaşlı Günay Ələkbərovanı amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şirxan İmanovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.
O ifadəsində göstərib ki, Günayla təxminən 6 ay əvvəl tanış olub:
"Günayla birlikdə yaşadığımız müddət ərzində gah rayonun "Təzə məhəllə" adlanan ərazisində olan həyat evində, gah da ki, Alaçadırlı kəndində yerləşən kirayəyə götürdüyüm evdə qalmışıq. Günayla qeyri-rəsmi nikah münasibətində olmuşam. 29 mart 2023-cu il tarixdə, axşam saat 19 radələrində Günay mənim işlətdiyim kafeyə gələrək kefinin olmadığını dedi. Biz bir qədər spirtli içki qəbul etdik. Həmin vaxt kafedə bizdən başqa heç kim yox idi. Günayla bir qədər söhbət etdikdən sonra aramızda mübahisə yarandı. Həmin vaxt o, mənə qışqıraraq çıxıb getmək istədi. Günay qapıdan çıxarkən onun arxası ilə yollandım. Kafenin həyətində onu tutub saxladım. Günay getmək istəsə də, buna imkan vermədim. Bu zaman o, yerə yıxıldı. Günayın saçlarından tutdum və sürüyərək onu kafenin içərisinə saldım. Günay çıxıb getməsin deyə qapını çöl tərəfdən bağladım. Daha sonra telefonla Günayın anasına zəng vurdum, qızının narahat olduğunu dedim. Anası mənə qızının keçmiş həyatı barəsində danışmağa başladı və mübahisənin öz aramızda həll edilməli olduğunu bildirdi. Qadınla kafenin həyətində telefonla danışarkən Günayın obyektin içərisini dağıtdığını, qapını, eləcə də pəncərəni balta ilə vurduğunu gördüm. Sonra kafeyə girdim və Günayın sinə nahiyəsindən qan çıxdığını gördüm. Bir qədər onun yanında durduqdan sonra oradan çıxdım və bazarın yuxarısından Anar adlı taksi sürücüsünü tapdım, onu kafeyə gətirdim. Kafeyə daxil olduqda Günayın kresloda oturaqlı vəziyyətdə sinəsindən xeyli qan axdığını gördüm. Avtomobilə mindirməyə gücüm çatmadığından taksi sürücüsünə köməklik etməsini xahiş etdim. Anarın köməkliyi ilə Günayı avtomobilə mindirib Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirdik. Xəstəxanada həkimlər Günayın artıq vəfat etdiyini söylədilər".
Şirxan İmanov ifadəsinin davamında Günayı vurmadığını, qadının özü-özünə xəsarət yetirdiyini qeyd edib:
"Mən sadəcə olaraq Günayın ağzını bağlayıb evdə saxlamışam. Daha sonra hadisə ilə bağlı Günayın anasına məlumat verdim".
İttihama görə, Şirxan İmanovun sevgilisi, 8 aylıq hamilə olan Günay Ələkbərova ilə kafedə dalaşıb və qapını bağlayaraq oradan çıxmağa imkan verməyib. Buna səbəb isə Günayın ilk evliliyindən olan uşaqlarını görmək istəməsi olub. Hadisə vaxtı Günay Ələkbərova aktiv müqavimət göstərdikdə Şirxan zərbələr endirərək onu öldürüb.
O, Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci (Hamilə qadını öldürmə, qəsdən sağlamlığa yüngül zərər vurma və qanunsuz azadlıqdan məhrumetmə) maddələri üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Şirxan İmanov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Rəylər