Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Məmmədovun CM-nin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 127.1 (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il martın 10-u axşam saat 22 radələrində Ramin Məmmədov yaşadığı Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən fərdi evdə tanışı Qafur Qurbanov və onun qardaşı Nizamini aralarında yaranan münaqişə zamanı, əsaslı səbəb olmadan cib bıçağı ilə bıçaqlayıb.
Zərərçəkənlər 3 saylı kliniki xəstəxanaya çatdırılmaqla, həyatları həkimlərin müdaxiləsi nəticəsində xilas edilib. Ramin Məmmədov cinayəti törətdikdən sonra qaçıb gizlənsə də səhərə yaxın Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
İş üzrə dindirilən Ramin Məmmədov törətdiyi cinayəti etiraf edib. Qafur və Nizami qardaşları ilə uzun müddətdir ki, qonşuluq münasibəti saxladığını deyən Ramin aralarında hər hansı bir gərginlik yaşanmadığını bildirib.
Tutulan şəxsin sözlərinə görə uzun müddət idi ki, spirtli içkini atıb. Hadisə baş verən gün isə qardaşlar onun evinə gələrək birlikdə yeyib içmələrini təklif ediblər, bir qədər israr edəndən sonra Məmmədov içki içməyə razılaşıb. Yeyib-içərkən aralarında mübahisə yaranıb, əlbəyaxa olublar. Sonra özünü qorumaq üçün Ramin Məmmədov masa üzərindən bıçağı əlinə alıb və qardaşların hər birinə 1 bıçaq zərbəsi vurub.
Bundan əlavə istintaqın gedişatında məlum olub ki, təqsirləndirilən şəxs 2013-cü il oktyabrın 19-da kirayədə yaşadığı Nizami rayonu,Q.Qarayev prospekti, 39 mənzil 73-də ailə münaqişəsi zəminində yaranan insident zamanı həyat yoldaşı Həlimə Məmmədovanı döyərək, sağlamlığına az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirib.
Məhkəmə prosesində Ramin Məmmədov əməlindən peşman olmadığını qeyd etməklə bildirib ki, onun Qafur və Nizami ilə düşmənçiliyi olmayıb, sadəcə onlar söyüşlərinin cavabını alıblar.
Məhkəmənin hökmü ilə Ramin Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az