Bakının Nərimanov rayonunda fəaliyyət göstərən zərgərlik dükanlarının birindən 3 000 manat dəyərində qızıl əşyalarının oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib.
Məlum olub ki, bu, əvvəllər də məhkumluq həyatı yaşamış 29 yaşlı N.Dadaşovadır və o saxlanılıb.
Aparılan təhqiqat zamanı saxlanılan şəxsin paytaxtın Səbail və Nəsimi rayonlarındakı digər zərgərlik obyektlərindən də oğurluq etdiyi üzə çıxıb.
Onun bu mağazalardan ümumi dəyəri 2 min manat təşkil edən qızıl və gümüş zinət əşyalarını ələ keçirdiyi məlum olub.
Şübhəli bilinən qadının mağazalara müştəri kimi daxil olduğu və satıcıların başının qarışmasından istifadə edərək oğurluq etdiyi müşahidə kameralarının yaddaşına həkk olunub.
Hazırda faktla əlaqədar cinayət işi açılıb, zəruri istintaq tədbirləri davam etdirilir.