Avqustun 16-da saat 04 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Rəviyyə Əliheydər qızı Nərimanovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a DİN Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Məlumata görə, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Bu gün Cəlilabad rayonunda iki qardaşın yaşadığı evdə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, cinayət hadisəsi Cəlilabadın Alar kəndində qeydə alınıb.
Belə ki, 41 yaşlı Təhmasib Əliyev qardaşı Firdovsi Əliyevin həyat yoldaşı 62 yaşlı Rəviyyə Nərimanovanın həyatına son qoyub.
İlkin məlumata əsasən, Təhmasib yatmış vəziyyətdə olan Rəviyyəyə zərbələr endirərək, onu öldürüb.
Qadının yaxınlarının bildirdiyinə görə, qardaşlar arasında bir müddətdir mülk üstündə narazılıqlar başlayıb. Hər iki qardaşın yaşadığı evin kimə mənsub olması mübahisəyə çevrilib. Son günlər Təhmasib qardaşı arvadı Rəviyyəni təhdid edirmiş. Rəviyyə özü bunlarla bağlı Biləsuvar rayonunun İsmətli kəndində yaşayan qohumlarına xəbər verərək həyatından narahat olduğunu vurğulayıb.
Təhmasib və onun böyük qardaşı Firdovsi birgə mal-qara alveri ilə məşğul olublar. Həmin gün Firdovsi bazara yola düşəndən az sonra, səhərə yaxın qətl hadisəsi baş verib. T.Əliyevin qardaşı arvadını yatdığı yerdə öldürdüyü bildirilir.
Həmçinin mərhumun yaxınlarının sözlərinə görə, ailələr həm də bir-birilərinə ikitərəfli qohumdurlar. Yəni qətli törətməkdə şübhəli bilinən Təhmasibin bacısı, Rəviyyənin qardaşının həyat yoldaşıdır.
Qeyd edək ki, qətldə şübhəli bilinən Təhmasib Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Cəlilabad rayonunun Alar kəndində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Təhmasib Tərxan oğlu Əliyev qardaşı ilə bir evdə yaşayırmış. Ailə problemli olub və iki qardaşın arvadları mütəmadi olaraq mübahisə edirmiş.
Bu gün səhər saatlarında qadınlar arasında dava olub. Həmin vaxt Təhmasib Əliyev də evdə yatırmış. Yuxudan səsə oyanan T.Əliyev evdən çölə çıxarkən qadınların dava etdiyini görüb və o, qardaşının həyat yoldaşı Rəviyyə Əliheydər qızı Nərimanovanı qətlə yetirib. T.Əliyev qətl hadisəsini törədəndən sonra hadisə yerindən qaçıb.
Hazırda Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları qətl törətməkdə şübhəli şəxsin tutulması istiqamətində tədbirlər görür.
Samir Əli
Cəlilabad rayonunda qətl hadisəsi olub.
Oxu.Az xəbər verir ki, qətl hadisəsi Cəlilabadın Alar kəndində baş verib.
İlkin məlumata əsasən, 62 yaşlı qadın qətlə yetirilib. Onun qətlində qayını şübhəli bilinir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili