Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılan görüntülərlə bağlı araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müəyyən edilib ki, hadisə ötən il noyabrın 3-də baş verib.
Qeyd olunub ki, görüntülərdə əks olunan şəxs əvvəllər Rusiyada bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş, 1982-ci il təvəllüdlü Fikrət Arif oğlu Həsənovdur.
Məlumata görə, o, uzun müddət Rusiyada yaşayıb, ümumiyyətlə hərbi xidmət keçməyib. Onun qazi və ya müharibə iştirakçısı kimi təqdim olunması ilə bağlı iddialar tamamilə əsassızdır.
"Fikrət Həsənov sonuncu dəfə 2024-cü ildə Bakı şəhərində külli miqdarda narkotik vasitənin satışı ilə əlaqədar saxlanılıb və barəsində cinayət işi başlanılıb. Narkotik asılılığından əziyyət çəkdiyi üçün məhkəmənin qərarı ilə məcburi müalicə mərkəzinə yerləşdirilib.
2025-ci il noyabrın 3-də o, kəsici alət əldə edərək xəstəxananın tibbi personalının həyat və sağlamlığı üçün təhlükə yaradıb. Məsul həkimin çağırışı əsasında ərazidə xidmət aparan polis əməkdaşları müdaxilə edərək onun təhlükəli hərəkətlərinin qarşısını alıblar. İnsidentin qarşısının alınması zamanı yol verilmiş lazımsız güc tətbiqi ilə bağlı polis əməkdaşları barəsində xidməti yoxlama aparılıb. Yoxlamanın nəticəsinə əsasən, həmin əməkdaşlar daxili işlər orqanlarından xaric edilib və barələrində müvafiq tədbirlər görülüb", - məlumatda deyilir.