Bakıda gənc oğlan anasının verdiyi çörəyi tapdayan dostunun əməlinə dözmədi. Bu dözümsüzlüyü isə onu dörd divar arasına atdı.
Anam onun qabağına yemək gətirirdi, amma gedib mənim haqqımda ağzına gələni danışır, kəsdiyi çörəyə xəyanət edirdi. Dözmədim, bıçaqladım.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsindən verilən məlumata görə, bu sözləri Nizami rayonunda dostunu bıçaqlayaraq qandallanan 20 yaşlı Elxan Əliyev törətdiyi əmələ görə polisə ifadəsində deyib.
E.Əliyevi özündən çıxaran hadisə Nəsimi küçəsində baş verib. Xeyli müddətdir onunla bir evdə yaşayan 21 yaşlı Tamerlan Əsədovun əməllərini eşidib, ona 4 bıçaq zərbəsi vurub.
Qax rayonundan Bakıya işləməyə gələn T.Əsədov xeyli müddət Elxangildə qalıb. Ofisiant işləyən T.Əsədova yeməyi də elə Elxanın
anası hazırlayıb verirmiş. Lakin Elxan Tamerlanın onun haqqında başqalarının yanında etdiyi söhbətləri eşidərək qəzəblənib və cinayəti törədib.
T.Əsədovun bıçaqlanmasına gətirib çıxaran sözlər isə açıqlanmır.
Hazırda istintaq aparılır.