Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
DTX-dən əməliyyat: Ermənistana işləyən şəxslər ifşa edildilər - VİDEO
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir.
Bununla bağlı DTX məlumat yayıb.
Görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.
Müəyyən edilib ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmişdir.
Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “YouTube” kanalları və digər sosial şəbəkələrdə paylaşılıb.
Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında İrəvan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil edib.
Bundan başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra edib.
Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda dəhşətli cinayətlər planlaşdıran DƏSTƏ ələ keçdi
- "Məşədi Dadaş"ın imamını öldürmək istəyən şəxs: "O adamdan qan çıxmalı idi, buna icazəm var"
- DTX-nin həbs etdiyi sabiq xidmət rəisi hakim qarşısında
- General və polkovniklərin müsadirə olunan əmlakları - SİYAHI
Rəylər