Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Rüfət Məmmədov (1993-cü il təv.) və Hacıqabul rayon sakini Vüqar İmanovun (1994-cü il təv.) CM-nin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu il fevralın 27-də Xətai rayonunun Əhmədli qəsəbəsində təqsirləndirilən şəxslər işdən evə qayıdan şəhər sakini Pərvanə Əliyevaya basqın etməklə, ona qarşı zor tətbiq ediblər və nəticədə içərisində 116 manat, kosmetik əşyalar, bank kartı və şəxsi sənədləri olan çantasını dartıb əlindən alaraq, hadisə yerindən qaçıblar. Hadisədən sonra zərərçəkən inzibati əraziyə nəzarət edən Xətai RPİ 34-cü polis bölməsinə müraciət edib, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisədən 2 gün sonra yaxalanıblar.
Dindirmə zamanı onlar heç yerdə işləmədiklərini, pula ehtiyacları olduğuna görə cinayət törətdiklərini bildirməklə əməllərinə görə zərərçəkəndən üzr istəyiblər.
Məhkəmənin hökmü ilə R.Məmmədov 7 il və V.İmanov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
C.H.
www.oxu.az