Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Emin 444”ün qətlinin təfərrüatı - 40 bıçaq zərbəsi vurublar
Məhkəmə-tibbi ekspertləri mayın 10-da Bakının Binəqədi rayonunda qətlə yetirilmiş Səfərov Emin Ehtiram oğlunun meyiti üzərində 40-a yaxın bıçaq yarası aşkarlayıb.
Bu barədə Oxu.Az-a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Qeyd edək ki, cinayət 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində, təxminən gecə saat iki radələrində törədilib. Bir neçə nəfər arasında dava zamanı əvvəllər məhkumluğu olan Emin Səfərov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində keçinib.
Bundan başqa, dava iştirakçılarını ayırmağa çalışmış 61 yaşlı Yusifov Əli Məhəmməd oğlu zərər çəkib. Onun 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi bildirilir.
Binəqədi rayonu 7-ci polis bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb.
Əldə etdiyimiz məlumata görə, münaqişə Tağıyevin yaşadığı evin qarşısında baş verib.
O da məlumdur ki, mərhum bundan əvvəl qanunsuz odlu silah saxlamağa görə məhkumluq həyatı yaşayıb. Ötən il cinayət axtarış bölməsinin əməliyyatçıları E.Səfərovu həbs etsə də, dəmir barmaqlıqlar arxasında az qalıb. Hüquq-mühafizə orqanı əməkdaşlarının bildirdiyinə görə, bu yaxınlarda vaxtından əvvəl azadlığa çıxıb.
Kriminal aləmdə E.Səfərov “Emin 444” ləqəbi ilə tanınıb, onun kriminal dairələrdə özünə nüfuz qazanmağa can atdığı deyilir.
Bəzi məlumatlara görə, qanlı dava iki ayrı kriminal qruplaşmanın nümayəndələri arasında baş verib.
Hazırda prokurorluq cinayətin motivlərini araşdırır, davada iştirak etmiş digər şəxslərin aşkarlanması üzərində iş aparır.
Rəylər