Fransada 10 yaşlı oğlan 22 yaşlı gənc qadına soyuq silahla xəsarət yetirməkdə günahlandırılır.
Oxu.Az-ın "AFP"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Sen-Brie prokuroru bildirib.
Prokuror Jülyen Vattebledin sözlərinə görə, iyunun 15-i Sen-Brie meşəsində idman edən qadına 10 yaşlı uşaq yaxınlaşaraq paltarlarını çıxarmağı tələb edib, lakin qadın bundan qətiyyətlə boyun qaçırıb. Bildirilir ki, hücum edən şəxs qadına iki bıçaq zərbəsi endirib.
Daha sonra patrul əməkdaşları zərərçəkmişin verdiyi təsvirə tamamilə bənzəyən şəxsi aşkar ediblər. Həmin şəxsin üzərində cinayətdə istifadə edilən silaha bənzər bıçaq aşkarlanıb. Şübhəli əvvəlcə 12 saatlıq nəzarətə götürülüb, ardınca isə prokurorluğun qərarı ilə bu müddət artırılıb.
Sen-Brie prokurorluğu bildirib ki, dindirmə prosesində uşaq zərərçəkmişə hücum etdiyini boynuna alıb. Hazırda faktla bağlı adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi başlanılıb.
Fransa qanunvericiliyi bu yaşda olan yetkinlik yaşına çatmayanlara qarşı sərt cinayət məsuliyyətini istisna etdiyinə görə, hakim tərəfindən uşaq haqqında müvəqqəti hüquqi tədbir seçilib. Ona axşam saat 22:00-dan səhər 06:00-dək yaşayış yerini tərk etməsi və zərərçəkmiş şəxslə hər hansı formada əlaqə qurması qadağan olunub.