Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fransaya casusluqda ittiham edilən şəxs: "Mənə palçıq vulkanları tərəfdə görüşməyi təklif etdi"
Fransaya casusluq etdiyinə görə ittiham edilən Martin Rayan və Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Rayan dövlət ittihamçısının suallarını cavablandırarkən Azərbaycana gəlişinin səbəbini biznes fəaliyyəti ilə əlaqələndirib.
"Mən Azərbaycana gəldikdən sonra burada Emin Süleymanov adlı şəxslə tanış oldum. Məqsədim biznes fəaliyyəti ilə məşğul olmaq idi, müştərək biznes qurmaq istəyirdim. Eminlə mütəmadi əlaqə saxlayırdım. Bir müddət sonra onunla əlaqəm kəsildi. O, Azərbaycanda fəaliyyət göstərən Fransa və yerli şirkətlər arasında görüşlər təşkil edirdi. Ona burada bir adam lazım idi. Bu təklif mənə edildi. Həmin vaxt işsiz idim, amma pulum var idi. Mən bunu özümə bir fürsət kimi qəbul etdim və işə müsbət cavab verdim", - o deyib.
Fransa səfirliyinin əməkdaşları ilə əlaqələrinə gəlincə, təqsirləndirilən əcnəbi vurğulayıb ki, bu onun fəaliyyəti ilə əlaqəli olub:
"Mənim Fransa səfirliyinin işçiləri ilə tanışlığım 2015-ci ilə təsadüf edir. Mən burada özüm üçün biznes qurmaq istəyirdim. Bunun üçün də mənə əlaqələr lazım idi. Mən Ramin Məmmədovla tanış oldum və onunla birgə biznes qurduq. Biz Fransa şirkətlərini Azərbaycana cəlb edirdik. İşlərimiz də yaxşı idi. Daha sonra mən Frederik Devosla tanış oldum".
Təqsirləndirilən şəxs vurğulayıb ki, Devos ondan Azərbaycan və Ermənistan arasındakı konflikt törədən məsələlərdən danışmağı istəyib:
"4 oktyabr 2020-ci ildə Fransa və Azərbaycan arasında diplomatik münasibətlər gərginləşdi. O, mənə müharibə zamanı güc fərqləri, silahlar və ölkənin durumu, Türkiyə və Pakistan haqqında suallar verir, əlimdə videolar olarsa, ona göndərməyimi istəyirdi. Mən bundan sonra anladım ki, bunlar ermənilərin xeyrinə olan bir məsələdir. Təsəvvür edin ki, o qədər Türkiyə və Pakistan haqqında suallar verir, məlumatlar almaq istəyirdi ki, heç Ermənistan, İran və Rusiya barəsində o qədər suallar vermirdi. Diqqət Azərbaycana dəstək olan ölkələrə yönəlmişdi".
Fotoda: Azad Məmmədli
Martin Rayan tanıdığı Azərbaycan vətəndaşlarını Fransa səfirliyinin əməkdaşları ilə tanış etməsini isə belə əsaslandırıb:
"Zaur Mustafayevi Frederik Devosla mən tanış etmişəm. Daha sonra Frederiki Azadla görüşdürüb tanış etdim. Frederik Azad Məmmədli ilə də görüşürdü və birlikdə işləyirdilər. Azad Frederiki maraqlandıran məsələlərlə bağlı işi çox yaxşı bacarırdı. Devos daha sonra İlqar adlı şəxslə tanış olmaq istədi. İlqarın həyat yoldaşı Devosun yoldaşını yaxşı tanıyırdı. Hər iki xanım "Bakou Francophones" Assosiasiyasında çalışırdı. Mən də İlqarı çox yaxşı tanıyırdım. Mən Azərbaycanda fransız dilindən dərs keçirdim. İlqarı da buradan tanımışam".
Diplomatik missiyasını başa vurduqdan sonra Fransaya gedən Frederik Devosu əvəz edən şəxsin onunla əlaqələrindən danışan Martin Rayan qeyd edib ki, Loran Lödi adlı şəxs onunla mütəmadi əlaqə saxlayırmış:
"Loran Lödi Frederik Devosun davamçısı olduğunu bildirmişdi. Lakin o, mənimlə əlaqə saxlayan zaman Frederik Azərbaycanda idi. Loran Lödi də Frederikin məndən istədiyini istəyirdi və görüşlərin sıx-sıx baş tutacağını deyirdi. Haradan tanıdığını bilmirəm, amma Loran Lödi mənimlə yanaşı, Azad Məmmədlini də tanıyırdı. O zaman mən hiss etdim ki, Loran Lödinin nəzarəti altındayam. Əlbəttə, mən bunu Azad Məmmədliyə dedim. Ona Fransa xüsusi xidmət orqanlarının nəzarətində olduğumuzu və diqqətli hərəkət etməyimizi bildirdim. Bir müddət sonra Loran Lödi yoxa çıxdı.
Mən onun köməkçisi ilə əlaqə saxladım. Köməkçisinin də ondan xəbəri olmadığını öyrəndim. Daha sonra mənimlə avqust ayında Jerom adlı şəxs tanış oldu. Onunla "WhatsApp" üzərindən əlaqə saxlayırdıq. O mənə palçıq vulkanları tərəfdə görüşməyi təklif etdi. Ora gözdən uzaq məkandır. Mən birbaşa olmasa da, üzrxahlıq edib görüşdən imtina etdim. Lakin biz onunla tədbirlərdə görüşürdük. Mövzumuz çox vaxt İranla bağlı olurdu".
"Səfirliyin bu tapşırıqlarını nə üçün icra edirdiniz?" sualına cavabında Martin Rayan maddi qarşılıq güdmədiyini, ancaq iş üçün etdiyini bildirib.
Məhkəmənin növbəti iclası aprelin 14-də keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.
Elgün Həsənli
"Ramin Məmmədov" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ramin Məmmədov: "Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq"
- Ramin Məmmədov AMİN portalı haqqında danışıb