Gəncədə ana və oğulun bıçaqlanması ilə bağlı yeni detallar üzə çıxıb.
Məlumata görə, yataqxanada qeyri-rəsmi nigahda yaşayan 29 yaşlı Orxan Paşayevlə 31 yaşlı Aygün Məmmədovanın uzun müddət davam edən gərgin münasibətlərinə bu dəfə valideynlər qarışıblar.
Nəticədə Orxan Paşayev və onun 55 yaşlı anası Nazlı Paşayeva bıçaq xəsarətləri alıblar.
Onları yaralamaqda təqsirləndirilən Aygün Məmmədovanın anası bildirib ki, hadisə özünümüdafiə zəminində baş verib:
"Orxan yoldaşımın boğazından yapışmışdı. Qızım gördü ki, atasını öldürür, evdən bıçaq gətirdi. Yoldaşımın ayağı ilişib yıxıldı, Orxan da onun üzərinə düşdü. Bıçaq Orxanın ayağına dəydi. Sonra anası qızımın yaxasından yapışdı, ikisi də yıxıldılar və bıçaq Nazlının qolunu kəsdi".
Ətraflı Baku TV-nin süjetində:
Gəncədə bıçaqlanan ana və oğulun vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, avqustun 25-i saat 16:30-da 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1970-ci il təvəllüdlü Nazlı Paşayeva sol bazunun kəsilmiş və deşilmiş yarası diaqnozu ilə, 1996-cı il təvəllüdlü Orxan Paşayev isə sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə zəruri tibbi yardım alıb.
Hər iki şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir və müalicələri müvafiq şöbədə davam etdirilir.
Hadisə Gəncə şəhərinin Fərhad Əliyev küçəsində baş verib. Şübhəli şəxs Orxan Paşayevin həyat yoldaşı A.Məmmədova polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.
Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu, 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
İlkin məlumata görə, hər iki şəxsə gəlinləri bıçaqla xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aygün Mirakif