Gəncədə küt alətlə döyülən qadının vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-i saat 19:10-da 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Qadın kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Aygün Mirakif
Gəncə şəhərində qadın küt alətlə döyülüb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İlahə Məmmədova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. O, həyat yoldaşından boşanmaq istədiyini bildirib və nəticədə həyat yoldaşı onu armaturla döyüb. Hadisə zamanı qadın baş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Samir Əli
Gəncədə qadın bıçaqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini, 1987-ci il təvəllüdlü İ.Məmmədova baş nahiyəsindən kəsilmiş yara xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər qadının vəziyyətini orta-ağır qiymətləndirirlər.
İlkin məlumata görə, qadına xəsarəti onun həyat yoldaşı yetirib. Buna səbəb qadının ərindən boşanmaq istəməsi olduğu deyilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.