Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirləndirilən Elsevər Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun. O yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın.
Qeyd: Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib ki, 15 fevral 2000-ci il tarixdə Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü Solmaz Rzaqulu qızı Yolçuyevanın yaşadığı evdə bədəni üzərində xəsarətlər aşkar olunması faktına görə şəhər prokurorluğunda 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanaraq istintaq aparılsa da, təqsirləndirilən şəxs müəyyən edilmədiyindən iş üzrə icraat 16 iyul 2001-ci il tarixdə dayandırılıb.
16 avqust 2022-ci il tarixdə icraat təzələnərək istintaq Gəncə Şəhər Prokurorluğu tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İstintaqla Gəncə şəhər sakinləri - 1977-ci il təvəllüdlü E.Məmmədov, 1980-ci il təvəllüdlü Xəyal Səfərov və 1978-ci il təvəllüdlü Arzu Hacıyevin cinayət əlaqəsinə girərək külli miqdarda pulu quldurluq yolu ilə talamaq məqsədilə Solmaz Yolçuyevanı yaşadığı mənzildə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilən tədbirlərlə cinayət əməlində şübhəli bilinən E.Məmmədov tutularaq istintaqa cəlb edilib, digər şəxslərin - X.Səfərovun 2001-ci ildə Qazaxıstanda, A.Hacıyevin isə 2004-cü ildə Rusiya Federasiyasında ölmələri müəyyən olunub.
Toplanan mötəbər sübutlar əsasında E.Məmmədova Cinayət Məcəlləsinin (köhnə redaksiya) 94.1-ci maddəsi ilə (tamah məqsədilə qəsdən adam öldürmə) ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırlatma: Cinayət materiallarında qeyd olunub ki, E.Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra 16 avqust 2022-ci il tarixdə, saat 18:10-da Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilərkən onun üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 0,04 qram təşkil edən üzərində “methadone-40” narkotik maddə aşkar edilərək götürülüb.
Rəylər