Gəncə şəhər Nizami rayon Polis İdarəsinin (RPİ) iki əməkdaşı həbs edilib.
Oxu.Az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Nizami RPİ-nin post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinirlər. Hər iki şəxs Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə bağlı həbs olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-ya açıqlamasında bildirilib ki, adıçəkilən şəxslər keçmiş polis işçiləridir: “Onlar əvvəllər polis orqanlarında sıravi polis vəzifəsində çalışıblar. Hazırda daxili işlər orqanlarında həmin adda şəxslər çalışmır. Onların törətdiyi əməllərin də polislə bir əlaqəsi yoxdur. Çünki onlar bir ay əvvəl mülki şəxs kimi həbs ediliblər”.
17:44
Bu günlərdə Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis Şöbəsinin iki əməkdaşı həbs edilib.
Oxu.Az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nizami RPŞ post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və digər polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hər iki polis əməkdaşı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi ilə bağlı həbs edilib.
Bildirilir ki, hər iki polis əməkdaşı bir neçə gün əvvəl Nizami RPŞ-nin əməkdaşı olduqları halda Gəncə şəhərinin Kəpəz rayonunda A.S adlı qadının evinə gəliblər. Burada həmin qadınla polislər arasında hələlik tam dəqiqləşməmiş səbəblərdən münaqişə yaranıb və həmin qadın bu zaman özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. A.S ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.