Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxsin kimliyi dəqiqləşdirilib.
Oxu.Az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, saxlanılaraq Polis İdarəsinə aparılan şəxs 32 yaşlı Əflatun Abdıyevdir. Onunla birgə evdə olan qadının isə 1985-ci il təvəllüdlü Gülnar Nəbiyeva olduğu aşkarlanıb. Onların qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları bildirilir.
İlkin məlumatlara görə, hadisəyə onların arasında yaranmış mübahisə səbəb olub.
Ə.Abdıyevdən “F-1” əl qumbarası götürülüb. G.Nəbiyeva da onunla birgə saxlanılaraq Polis İdarəsinə aparılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
14:10
Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxs zərərsizləşdirilib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, həmin şəxs saxlanılaraq Polis İdarəsinə aparılıb.
Hazırda evdə axtarış aparılır.
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov həmin şəxsin danışıqlar yolu ilə fikrindən daşındırıldığını deyib. F.Şabanov qeyd edib ki, həmin şəxs artıq həbs edilib, onun bu hərəkəti hansı məqsədlə törətdiyi aydınlaşdırılır.
Polis rəisi, bəzi KİV-də zərərsizləşdirilən şəxsin beş polis əməkdaşını girov götürməsi barədə məlumatları isə təkzib edib.
12:45
Gəncənin Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında bir kişi evdə bir qadını girov götürüb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Kəpəz TV-nin məlumatına görə, o, evin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirir.
Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Binaya sakinlərin girişi qadağan olunub. Partlayış törətmək istəyən şəxslə danışıqlar aparılır.