Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında mənzillərdən birinə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək, ondan pulların yerini deməsini tələb edib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.