İnterpolun Gürcüstanda Milli Mərkəzi Bürosunun əməkdaşları Gürcüstan-Azərbaycan sərhəddini keçən, 25 dekabrdan axtarışda olan Türkiyə vətəndaşı Doğan Tuncayı saxlayıblar. Bu barədə Gürcüstan DİN-nin mətbuat xidməti məlumat yayıb.
“Doğan Tuncay Türkiyə Cinayət Məcəlləsinin 227/2 və 62/1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdə (fahişəliyin yayılmasında vasitəçilik) ittiham edilir. Bu cinayətə görə, Türkiyənin qanunvericiliyinə əsasən, 2 il 10 ay müddətində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”, - məlumatda deyilir.
Oxu.Az Gürcüstan KİV-nə istinadən bildirir ki, Türkiyə vətəndaşı Kvemo Kartlidə (Şərqi Gürcüstan) regional müvəqqəti saxlama izolyatoruna köçürülüb. Saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya öncəsi prosedurlar həyata keçirilir.