Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Vladimir Babayevin (1970-ci il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu il martın 16-da Lökbatan qəsəbəsində Vladimir Babayev tanışı Sergey Naumovun evində yeyib-içərkən, aralarında yaranmış mübahisə zamanı Sərdar Zamanova (1968-ci il təv.) əl və ayaqla xəsarətlər yetirib, daha sonra isə əlinə keçən mətbəx bıçağı ilə sonuncunun boğaz nahiyəsinə zərbə vurub.
Nəticədə S.Zamanov kəskin qanitirmədən hadisə yerində ölüb, az sonra isə daxil olan məlumatla əlaqədar Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları həmin ünvana gələrək Babayevi saxlayıblar. Rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə prosesində Vladimir Babayev ittiham üzrə özünü təqsirli hesab edərək, ifadəsində mərhumla 3 ilə yaxın tanış olduğunu bildirib. Onlar birlikdə avtoservisdə işləyiblər, işdən sonra tez-tez spirtli içki qəbul ediblər. Həmin gün iş az olduğuna görə, o iş yoldaşı Sərdarla birlikdə servisdən çıxaraq, kafeyə gediblər və orada bir şüşə araq içiblər.
Təxminən saat 21 radələrində Sergey ona zəng edərək, harada olduğunu soruşanda, o, kafedə olduğunu deyib. Bu zaman Naumov evinə gəlməyi təklif edib və yolüstü araq almağı tapşırıb. Naumovun evinin yanındakı marketdən araq və pivə alıb, yuxarı qalxıblar. Aldıqları içkiləri içəndən sonra Vladimir Sərdara 5 manat verib, yenə də içki almağa göndərib. Sərxoş olmaqlarına baxmayaraq, yenə də içmək istəyiblər.
Üstündən 10 dəqiqə keçəndən sonra Zamanov əliboş qayıdıb, “araq haradadır?” sualına “bilmirəm” deyə cavab verib. Növbəti analoji suala cavab olaraq Sərdar pulu itirdiyini deyib. Bundan Babayev hiddətlənib və əl-ayaqla ona zərbələr vurmağa başlayıb, sonuncu demək olar ki, müqavimət göstərməyib, yıxılıb və ayağa qalxıb. Sergey onu sakitləşdirməyə çalışıb, amma Vladimir heç cür sakitləşə bilməyib və buna görə masanın üzərindən kəsici aləti alaraq, onu vurub. Zamanov divana uzanaraq, xırıldamağa başlayıb, Sergey təcili tibbi yardım stansiyasına xəbər verib və əski ilə qanın qarşısını almağa çalışıb.
Babayevin sözlərinə görə, hadisədən sonra o qaçmayıb, evə gələn tibb işçiləri Sərdarın ölümünü müəyyən edəndən sonra polis əməkdaşlarının gəlişini gözləyib.
Zərərçəkən Vasif Zamanov ifadəsində göstərib ki, qardaşı avtomobil təmiri sexində işləyib, onun ölüm xəbərini polis bölməsindən edilmiş zəngdən sonra bilib. Ona məlum olub ki, işdən sonra Vladimir adlı iş yoldaşı münaqişə zəminində Sərdarı döyüb və ona bıçaqla xəsarət yetirib.
Zərərçəkən məhkəmədən təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə V.Babayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az