Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin barəsindəki hökmdən kassasiya protesti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. Ona qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, 40 gün sonra ev dustaqlığına buraxılıb. İbtidai araşdırmanın sonunda təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid İsayevə Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. O, eyni məcəllənin 312.2 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin hakimlər heyəti Vahid İsayevə qarşı irəli sürülmüş ittihamların əsassız olduğu, kifayət qədər dəlil və sübutlarla təsdiqini tapmadığı qənaətinə gəlib. Qərara əsasən, Vahid İsayevə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Vahid İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürova bir müddət əvvəl şərti cəza verilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Xatırladaq ki, Vahid İsayev 15 il ərzində Göyçayda beş icra başçısının, o cümlədən Mehdi Səlimzadənin köməkçisi vəzifəsində çalışıb.
Rəylər