Krasnoyarsk diyar məhkəməsinin verdiyi qərara əsasən əslən azərbaycanlı olan Elmir Eldar oğlu Məmmədov və Tural Allahverdi oğlu Nəcəfov üçqat qətldə təqsirli biliniblər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, diyar prokurorluğunun mətbuat xidmətinin məlumatına əsasən, Məhkəmənin hökmü ilə Elmir Məmmədov 21, Tural Nəcəfov isə 22 il müddətinə azadlıqdan məhrum olunublar. Onlar cəzalarını ciddi rejimli islah-əmək koloniyasında çəkəcəklər.
Xatırladaq ki, Rafiq Məmmədov 2009-cu ildə Krasnoyarsk yaxınlığındakı “Solontsı” bölgəsində yerləşən “Otdıx-1” bağçılıq cəmiyyətinin ərazisində güllələnib.
İstintaq materiallarına görə, 2009-cu ilin aprelin 25-də Rafiq Məmmədovun idarə etdiyi “Volkswagen Touareg” ilə onun tanışlarının olduğu “VAZ-2109” avtomobilləri atəşə tutulub.
Atəş açdıqdan sonra ittiham edilən şəxslər cinayət yerindən qaçıblar. Odlu silah yaralarından zərərçəkənlərdən biri elə cinayət yerindəcə dünyasını dəyişib. Digər iki nəfər xəstəxanaya çatdırılsalar da elə həmin gün vəfat ediblər. Dördüncü kişi hücum nəticəsində heç bir zərər görməyib.
Məhkəmədə bildirilib ki, R.Məmmədovu qətlə yetirənlərin dediklərinə görə, bu “edam”ın səbəbi azərbaycanlı biznesmenin “maliyyə öhdəliklərini yerinə yetirməməsi” olub.
Cinayətkarlar RF CMin iki: üç nəfərin qətlə yetirilməsi və qanunsuz silah saxlama maddəsinə görə mühakimə olunurlar. Mətbuat xidmətində qeyd edildiyi kimi, azərbaycanlılar Rusiya Federasiyası ərazisində qeydiyyatsız yaşayırdılar.