Bakı Apellyasiya Məhkəməsində Rahid İbadov və Vüqar Amanovun CM-nin 206.3.2- (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1- (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə və ya saxlama) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Şahüseyn Hüseynov, İlkin Qənbərov, Rahid Abadov, Vasif Haqverdiyev, İlqar Dadaşov, Həsən Həsənov, Elşən Əliyev, Vüqar Amanov və Ehtiram Əliyev tutulublar.
Axtarış zamanı onlardan ayrı-ayrılıqda 10 kq heroin, 11, 881 kq tiryək, 1,446 kq həşiş və 20 qram sintetik narkotik vasitə olan metanfetamin aşkar edilərək götürülüb. Məlum olub ki, onlar ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən kənar keçirilərək Azərbaycan ərazisinə keçirməyə cəhd göstəriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahid İbadov 8, Vüqar Amanov isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən məhkumların müdafiəçiləri apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən, R.İbadovun cəzası 7 ilə, V.Amanovun cəzası 6 ilə endirilib.
C.H.
www.oxu.az