Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən “Kalaşnikov” avtomatı və narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, idarəyə xidməti ərazi olan Qaradağ rayonunda, dəniz kənarında bir nəfərin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlaqə yaradaraq onun ölkəyə göndərdiyi silah və narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub.
Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Həmin şəxs İran vətəndaşının ona göndərdiyi bağlamanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı onun paytaxt sakini Orxan Əzizəliyev olduğu müəyyən edilib. Onun əlindəki bağlamaya baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, iki ədəd parton darağı, 60 ədəd patron və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib.
Qeyd olunur ki, Orxan Əzizəliyev vaxtı ilə özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub.
Cinayət faktı ilə bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
10:12
Bakı sakininin üzərində “Kalaşnikov” aşkarlanıb.
“Report”un məlumatına görə, aprelin 12-də Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xüsusi Patrul Bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25.11.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Orxan İnqilab oğlu Əzizəliyev Bakı şəhəri, Qaradağ rayonu, Sar qəsəbəsində yerləşən Qaradağ Limanında saxlanılaraq Su NPİ-yə gətirilib.
Onun üzərinə baxış zamanı bir ədəd texniki cəhətdən saz və atəş üçün yararlı olan AKMS modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah olan avtomat, 60 ədəd 7,62 mm kalibrli döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd daraq və çəkisi 9,547 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.