Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin məhkəməsi başlayır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xaliq Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 27 noyabra təyin edilib.
Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.
İ.Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
A.Balayev isə bu il saxlanılıb. Ona isə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü ( (külli miqdarda törədildikdə) və 32.5,311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.
Azad Rizvan oğlu Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, həmçinin 2011-ci ildən etibarən YAP-nin Balakən rayon təşkilatına rəhbərlik edib.
İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.