Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğurluq faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, zərərçəkən polisə müraciət edərək icarədarı olduğu mağazadan 2 169 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə talandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı S.Cabbarov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin çalışdığı mağazadan hissə-hissə oğurladığı məhsulları satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.