Sentyabrın 30-u İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə İsmayıllı Rayon Prokurorluğu məlumat yayıb.
İlkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
20:45
Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Səmid oğlu Ağamalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Elçin Əfqan oğlu Mirzəzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.