İsmayıllı rayonunda toy mərasimində dörd nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə toy məclisi başa çatandan sonra olub. Belə ki, Talıstan kənd sakini 2005-ci il təvəllüdlü Səid İsayevin atası 2002-ci il təvəllüdlü Elşən Babayevin kirvəsi olub. Sentyabrın 28-də Səid İsayevin toy mərasiminə Elşən Babayev ailəvi qatılıb.
Toyda E.Babayev həddindən artıq spirtli içki qəbul edib. Axşam saatlarında E.Babayevin atası toy çadırında oynayarkən, qonaqlardan biri onun mahnısını yarımçıq kəsib. Bundan sonra E.Babayevin atası ailəsi ilə birlikdə məclisi tərk edib. E.Babayev bu hadisədən əsəbiləşərək evlərinə gedib, mətbəx bıçağı götürüb geri qayıdıb. O, hadisə yerinə qayıdanda toy mərasimi başa çatmış olub. Bu vaxt E.Babayev Səid İsayevə yaxınlaşaraq, atasının oynadığı musiqinin niyə yarımçıq kəsilməsini soruşub. Səid İsayev E.Babayevlə söhbət edərkən, o, qəflətən üzərindəki bıçaqla Səidə qarın və ayaq nahiyəsindən zərbə endirib. Hadisəni görən Səidin dayısı, 1976-cı il təvəllüdlü Rahil İsmayılov prosesə müdaxilə etmək istəyərkən E.Babayev onu boğazından və qarın nahiyəsindən bıçaqlayıb. E.Babayev daha sonra R.İsmayılovun oğlu, 2008-ci il təvəllüdlü Osman İsmayılovu qolundan bıçaqlayıb. O, hadisə yerindən qaçmaq istəyərkən toyda ofisiant kimi iştirak edən rayon sakini, 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyev onun qarşısını kəsib zərərsizləşdirmək istəyib. E.Babayev əlindəki bıçaqla onun da bud nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Babayev kənd ərazisində saxlanılıb.
Samir Əli
İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 28-i, saat 23:30-da dörd nəfər (kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara qarın divarının açıq yarası, bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-didilmiş yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 1976-cı və 2008-ci il təvəllüdlü şəxslər cərrahi əməliyyat ediliblər. Müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
2005-ci və 2007-ci il təvəllüdlü şəxslərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər ikisi ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı kənd sakini, 2002-ci il təvəllüdlü Elşən Babayev, 2005-ci il təvəllüdlü Səid İsayevi (bəy) toy çadırından çölə çağırıb. Onlar arasında mübahisə başlayıb və E.Babayev bəyi bıçaqlayıb. Daha sonra toyda iştirak edən bəyin qohumları hadisə yerinə gələrək, E.Babayevi zərərsizləşdirmək istəyiblər.
Bu vaxt E.Babayev daha üç nəfərə - 1976-cı il təvəllüdlü Rahil İsmayılov, 2007-ci il təvəllüdlü Osman İsmayılov və 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib.
Samir Əli
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, insident sentyabrın 28-i saat 23 radələrində Talıstan kəndi ərazisində keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə dava ilə nəticələnib.
Nəticədə, 2002-ci il təvəllüdlü Elşən Babayev rayon sakinləri - 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli