“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri işlə tanış olmaq üçün vaxt istəyiblər. Bu səbəbdən məhkəmənin hazırlıq iclasının oktyabrın 5-də davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.
Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.
Rəylər