Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Əlisamit Zeynalovun (1963-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 23-ü səhər saat 5 radələrində Kürdəxanı qəsəbəsi, 1 may küçəsində yaşayan Hacıəli Dostməmmədov (1973-cü il təv.) kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib, lakin həkimlərin müdaxiləsinə baxmayaraq saat 16 radələrində o, dünyasını dəyişib. Fakta görə rayon prokurorluğunda CM-nin ilkin olaraq 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanan cinayət işi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Sabunçu RPİ Cinayət-axtarış şöbəsi və 15-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində mərhumun qohumu Əlisamit Zeynalov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, bir müddət əvvəl həbsdən çıxan Hacıəli Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib. Lakin qızı ona verməyiblər, bu səbəbdən qohumlar arasında narazılıq yaranıb və tez-tez mübahisələr baş verib. Ayın 23-də
qızın qardaşı Əlisamit Zeynalov səhərə yaxın pəncərədən əmisi oğlunun yaşadığı evə girib. O yatmış vəziyyətdə olan Hacıəlinin baş və bədən nahiyələrinə çapacaqla zərbələr endirərək onu ağır yaralayıb və hadisə yerindən qaçıb.
Hazırlıq iclasında məhkəmənin tərkibi elan olunub və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı iyunun 3-ə təyin olunub.
C.H.
www.oxu.az