Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lyova Mnatsakanyan: "Məni "vəzifə"yə Ohanyanın təqdimatı ilə Serj Sarqsyan təyin edib"
Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan deyib ki, 2015-ci ilin iyun ayında onu qondarma rejimin "müdafiə naziri" - "ordu"nun "komandanı" vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sarqsyan təyin edib.
Oxu.Az-ın xəbərinə görə, təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu "vəzifə"yə "təyin olunması" barədə təqdimat verib, S.Sarqsyan isə onu təsdiqləyib.
Mnatsakanyanın sözlərinə görə, S.Sarqsyan təyinatla bağlı onu qəbul edib. "Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir", - təqsirləndirilən şəxs əlavə edib.
Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı "rəsmi məlumat"a görə, Lyova Mnatsakanyanı "müdafiə naziri" "vəzifə"sinə guya ovaxtkı "prezident" Bako Saakyan təyin edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.