Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsində təqsirləndirilən Elvin Əliyevin əlavə ifadəsi dinlənilib.
O, ifadəsi zamanı bildirib ki, onun bu cinayətdən ümümiyyətlə xəbəri olmayıb: "Mənim o işdən xəbərim olmayıb. Mehdi deyib ki, bir nəfərlə söhbətim var, gedək onu həll edək. Mehdi taksi sürücüsü olduğu üçün "Waze" proqramından istifadə edərək avtomobili oraya sürüb. Orada da mübahisə zamanı Əli söyüş söydü, mən də söyüş söydüyü üçün onun ayağından vurmuşam. Zərərçəkən tərəf deyir ki, guya Əlinin evindən "konum atıblar", biz də onunla getmişik. Xeyr, bu, belə olmayib, mən Əzizənin kim olduğunu bilməmişəm, heç bir sifarişdən də söhbət gedə bilməz. O söyüş söydü, mən də vurdum".
İclasın gedişində tərəflər arasında mübahisə yarandığından hakimin göstərişi ilə zərərçəkənin qardaşı məhkəmə zalından çıxarılıb.
Digər təqsirləndirilən şəxs - Mehdi Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsi səsləndirildikdən sonra onun hazırda ifadəsinin dəyişməsinə izahat verməsi tələb edildikdə, o, bunu istintaq zamanı təzyiqlərə məruz qaldığı ilə əsaslandırıb və qətllə bağlı hər hansı bir sifarişin olmadığını deyib.
Təqsirləndirilən Bəxtiyar Fərzəliyev də ibtidai istintaqa verdiyi ifadəsini danaraq digərləri kimi ona zor tətbiq olunmasini deyib.
Vaxt məhdudiyyəti olduğundan sənədlərin tədqiqi mərhələsi dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib.
O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Qeyd edək ki, əvvəlki məhkəmə iclasları zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.
Elgün Həsənli