Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məhkəmə alimin işinə görə Gövhər Baxşəliyevaya məktub göndərdi - FOTO
Mənimsəmədə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın məhkəmə istintaqı davam edir.
“Qafqazinfo”nun məlumatına görə, bu iş üzrə məhkəmə prosesi bir il əvvəl başlayıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır. Səkkiz ay əvvəl hakim bu iş üzrə məhkəmədən yayınan 39 nəfər şahidlə bağlı məcburi gətirilmə qərarı qəbul edib. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimovanın da daxil olduğu şahidlərin siyahısı polisə göndərilib. Buna baxmayaraq, hələ də şahidlərin bir neçəsini məhkəməyə gətirmək mümkün olmayıb.
Hakim Azad Məcidovun çağırışına gəlməyən şahidlər arasında sabiq direktor Maisə Rəhimova da var. Sözügedən vəziyyət artıq hakimi əlavə tədbirlər görməyə məcbur edib.
Sonuncu iclasda məhkəmədən yayınan şahidlər barədə təkrar məcburi gətirilmə qərarı qəbul edilib. Hakimin göstərişi ilə qərarın icra edilməsi üçün aidiyyəti polis şöbələrinə tək-tək məlumat göndərilib.
Digər bir məsələ isə müdafiə tərəfinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan iş üzün əhəmiyyət kəsb edən bəzi sənədlərin məhkəməyə verilməməsi ilə bağlıdır. Üç-dörd ay ərzində sənədlərin məhkəməyə göndərilməsi ilə bağlı iki qərar qəbul edilib.
Hələ ki, bilinməyən səbəbdən həmin sənədlər də məhkəməyə çatdırılmayıb. Məhkəmə işə əncam çəkilməsi və qısa müddətdə sənədlərin təhvil verilməsinin təşkili üçün AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyevaya məktub göndərib.
Qeyd olunan məsələlər həll edilənə kimi məhkəmə prosesi təxirə salınıb.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.
Rəylər