Bu gün Səbail Rayon Məhkəməsində "Hurriyyət TV"nin baş redaktoru Vüqar Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı proses keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc sosial şəbəkədə paylaşım edib.
O qeyd edib ki, proses zamanı halı pisləşən, qan təzyiqi düşən Vüqar Məmmədovun ürəyi bulanıb.
"Yaşı və səhhəti, eləcə də törətdiyi cinayətin ağır olmaması nəzərə alınaraq, məhkəmədə onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırdıq. Çünki Vüqar Məmmədovun ürəyində problemlər var və o, həbs olunmamışdan bir neçə gün əvvəl həkim müayinəsində olub. Həkim ona əməliyyat olunmağı tövsiyə edib", - deyə A.Layıc jurnalistlərə bildirib.
Məhkəmə vəkilin V.Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib. Qeyd edək ki, V.Məmmədov DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Səbail Rayon Məhkəməsi oktyabrın 31-də onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham verilib.
