Mingəçevirdə arvadını və övladlarını öldürən şəxs kriminal aləmdə “Laska” ləqəbi ilə tanınır.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, Lazım Ağa oğlu Hüseynov əvvəllər adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün iki dəfə həbs edilib.
O, ümumilikdə 17 il məhkumluq həyatı yaşayıb.
L.Hüseynov arvadının və iki azyaşlı uşaqlarının başını kəsərək bədənindən ayırıb.
Hazırda dindirilən L.Hüseynov istintaqa ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
14:16
Mingəçevirdə törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Nəsimi küçəsindəki 31 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Hüseynov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı 1982-ci il təvəllüdlü Aynurə Hüseynovanı və iki azyaşlı övladı-2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.
Aynurə Hüseynovanın qohumlarının sözlərinə görə, qətl və oğurluq hadisələrinə görə Azərbaycanda və Rusiyada məhkumluq həyatı yaşayan Lazım Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Qonşuları bildiriblər ki, Lazım Hüseynov Yevlaxın Havarlı kəndində mal-qara təsərrüfatı var. Onun zəhmətkeş adam, ailəcanlı insan olduğunu deyən qonşular L.Hüseynov uzun müddət həbsdə olduğu üçün gec ailə həyatı qurduğunu deyiblər.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
12:25
Mingəçevir şəhərində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Oxu.Az-ın report-a istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Nəsimi küçəsi 31 ünvanında baş verib.
Belə ki, şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Ağa oğlu Hüseynov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Aynurə Abbasovanı və iki azyaşlı övladını – 2010-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı qətlə yetirib.
Qətlə yetirilən qadının qohumları bildirib ki, hadisə qısqanclıq zəminində baş verib: “Lazım Hüseynov özündən 20 yaş kiçik olan A.Abbasovanı 18 yaşında olarkən qaçırıb və ailə qurub. Bu izdivacdan onların iki övladı olub. Əvvəllər mehriban idilər. Lakin sonradan Lazım Hüseynov narkotik vasitələr qəbul etdiyindən ailədə tez-tez münaqişələr olurdu. Sonra Lazım həbs edildi. Həbsdən çıxandan sonra bilmirik, nə eşidib, nə deyiblər ona, gəldi bu hadisəni törətdi”.
Qətlə yetirilən ana və iki övladın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. Məlum olub ki, L.Hüseynov arvadının və hər iki övladının başına küt və ağır alətlə vurduqdan sonra bıçaqla onların boğazını kəsib.
Hadisədən sonra L.Hüseynov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
10:30
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.
Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin ərazisində baş verib.
Şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Lazım Ağa oğlu həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.
Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.
Lazım Hüseynov könüllü olaraq polisə təslim olub.
Z.Q.
www.oxu.az