Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Səfərəliyev ifadə verib.
Şahid maşın alqı-satqısı ilə məşğul olduğunu, Almaniyadan avtomobil gətirdiyini deyib: “Rəşadı əvvəldən tanıyıram. Bizim salondan bir neçə dəfə avtomobil alıb, münasibət yaranıb. Rəşad özü üçün əvvəl “Mercedes”, daha sonra isə “Land Rover Discovery” markalı avtomobil almışdı. 2019-cu il idi, Rəşad mənə zəng elədi. Həmin vaxt mən Almaniyada idim. Artıq maşın alıb, Bakıya gəlirdim. Dedi ki, bizim rəisə maşın lazımdır. Dedim ki, yoldayam, “Land Rover” gətirirəm. Rəşad həmin maşını rəis üçün almaq istədiklərini bildirdilər. Bakıya çatandan sonra Müdafiə Nazirliyinin qarşısına gəldim. Nazirliyin qarşısında Rəşad, rəis dediyi şəxs və bir neçə adam avtomobilə baxdılar. Dizel mühərrikli avtomobil idi. 40 min dollara maşını razılaşdırdıq. Onsuz da mən Rəşada da demişdim ki, avtomobili 40 min dollardan aşağı verməyəcəyəm. Həmin vaxt onlar maşını gömrüyə apardılar. Çünki maşın gömrük rəsmləşməsindən keçməmişdi. Bunlar maşını götürüb getdi, rəsmləşdirdilər. Sonra rəisin köməkçisi pulu gətirib verdi”.
Hakimin suallarını cavablandıran şəxs avtomobili alan adamı tanımadığını deyib:
“Mən orada bircə Rəşadı tanıyıram. Maşını alan şəxs 50-55 yaşında idi. Üstündən çox vaxt keçib deyə, bir çox şeyi xatırlamıram. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm”.
Ötən prosesdə Rəşad Məlikzadə Maliyyə və Büdcə İdarəsinin Təftiş Şöbəsinin rəisi, polkovnik Rafael Xələfova “Land Rover Discovery” markalı avtomobilin onun tərəfindən alındığını və 72 min manat pul verdiyini bildirib.
Hakim qeyd edib ki, bu iş üzrə dindirilməyən 3 şahid qalıb. Onlar Maliyyə Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Təftiş Şöbəsinin sabiq rəisi Rafael Xələfovdur. Həmçinin şahidlər arasında hazırda xidmətdə olan vəzifəli şəxsin də olduğu qeyd olunub.
Onlardan Nizami Məmmədov və Rafael Xələfov barəsində cinayət işi var.
Hər üç şahid gələn prosesdə məhkəməyə çağırılacaq.
Proses martın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
R.Məlikzadə 9 369 411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Rəylər