Noyabrın 4-də Oğuz rayonunda qardaş bacısını qətlə yetirib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Oğuz rayon Prokurorluğundan məlumat veriblər.
İlkin istintaq zamanı müəyyənləşdirilib ki, 26 yaşlı Vasif İsmayılov 27 yaşlı bacısı İsmayılova Hədiyyə Məmməd qızının ərinə xəyanət etməsindən şübhələnib.
Bu barədə istintaqa saxlanılmış İsmayılov özü danışıb.
Şübhələrinə aydınlıq gətirmək üçün İsmayılov bacısının evinə gedib, onu valideynlərinin yaşadığı evə gətirərək, axşam saat 10:00 radələrində onu sorğu-sual etməyə başlayıb. Məlumata görə, qız ərinə xəyanət etdiyini etiraf edib.
Bu zaman bıçağa əl atan qardaş bacısının boğazından iki zərbə vurub. Hədiyyə İsmayılova yerindəcə dünyasını dəyişib. Beləlikə, iki azyaşlı qız anasız qalıblar.
O da məlumdur ki, V.İsmayılov qətli törətdikdən sonra hadisə yerini tərk edib. Lakin tezliklə əməliyyatçılar ona zəng edərək, polisə gəlib təslim olmasına nail olublar.